Bəni-Haşimin beyət etməsi

«Ehticac» adlı kitabın müəllifi Əllamə Təbərsi və İbn Qüteybə «Əlimamətu vəssiyasət» kitabında belə qeyd edirlər ki, əmirəl-möminin Əli(ə.s) həzrəti-Mühəmməd(s)-in dəfn mərasimindən sonra kədərli halda gəlib məsciddə oturmuş, Bəni-Haşimdən olanlar da onun ətrafında yığılmışdı. Zübeyr ibn Əvam da Əli(ə.s)-nin yanında idi. Məscidin digər tərəfində isə Bəni-Üməyyə tayfası Osmanın ətrafına yığışmışdı. Başqa bir tərəfdə isə Bəni-Zöhrədən bir dəstə Əbdürrəhman ibn Uffun ətrafında dövrə vurub oturmuşdu. Beləcə müsəlmanlar bir neçə dəstəyə bölünərək məsciddə əyləşmişdilər. Bu vaxt Əbu Bəkr, Ömər və Əbu Übeydeyi Cərrah məscidə daxil olub dedilər:

__ Niyə sizi ayrı-ayrı dəstələrdə oturmuş görürəm? Ayağa qalxıb Əbu Bəkrə beyət edin.

Mədinəlilər və başqaları ona beyət ediblər. Osman və Əbdürrəhman ibn Uf öz tərəfdarları ilə ayağa qalxıb Əbu Bəkrə beyət etdilər. Həzrəti-Əli(ə.s) və Bəni-Haşimin nümayəndələri məsciddən çıxaraq Əli(ə.s)-nin evində yığışdılar. Zübeyr də onlarla idi.

Ömər aralarında Əsid ibn Xəzri və Səlmət ibn Səlamə olmaqla beyət edənlərdən bir dəstə ilə Əli(ə.s)-nin evinə gəldikdə Bəni-Haşimin burada yığışdığını görüb onlara dedi:

__ Hamı Əbu Bəkrə beyət edib, siz də beyət edin.

Zübeyr ayağa qalxıb qılıncını siyirdikdə Ömər əmr etdi:

__Bu iti zərərsizləşdirib onun şərini başımızdan uzaq edin.

Səlmət ibn Səlamə Zübeyrin üstünə yüyürüb qılıncı onun əlindən qapdı. Ömər qılıncı Səlmətdən alaraq yerə o qədər döyəclədi ki, qılınc sındı.[32] Sonra Bəni-Haşimi araya alaraq məscidə­­__ Əbu Bəkrin yanına aparıb dedilər: «Allaha and olsun! Əgər beyətdən boyun qaçırsanız, sizi qılıncla mühakimə edəcəyik».

Bəni-Haşim özünün belə çıxılmaz vəziyyətə düşdüyünü gördükdə bir-bir qabağa gəlib Əbu Bəkrə beyət etdi».

4.Əli(ə.s)-nin evinə hücum və Fatimə(s.ə)-nin cavabı

Əllamə Təbərsi «Ehticac» kitabında Abdulla ibn Əbdürrəhman ibn Ufdan belə nəql edir:

«Ömər ibn Xəttab ətəyini möhkəm bağlayıb Mədinənin küçələrini gəzə-gəzə qışqırırdı ki, hamı Əbu Bəkrə beyət etdi, Əbu Bəkrə beyət etməyə tələsin. Camaat çarəsiz qalıb gedib Əbu Bəkrə beyət edirdi. Ömərə xəbər verdilər ki, bəziləri öz evlərində gizlənib beyətdən boyun qaçırır. Belə olduqda Ömər adamları ilə gizlənənlərin evlərinə hücum çəkib, hamını məscidə yığaraq Əbu Bəkrə beyət etdirdi. Bu hadisədən bir neçə gün ötdükdən sonra o, od-alov istəyib dedi:

__ Ömərin canı onun əlində olan Allaha and olsun ki, ya gərək Əli(ə.s) evdən çölə çıxsın, ya da evə içindəkilərlə birgə od vuracağam.[33]

Yanındakılardan bəziləri ona belə etiraz etdi:

__ Bu Evdə Rəsuli-əkrəm(s)-in qızı Fatimə(s.ə), Peyğəmbərin nəvələri Həsənlə Hüseyn(ə.s), həzrəti-Mühəmməd(s)-in izləri vardır. Sən bu evə od vuracaqsan?!

Ömər işi belə görüb dedi:

__ Siz nə danışırsınız? Məqsədim qorxutmaqdır.

İmam Əli(ə.s) xəbər göndərdi ki, mən evdən çölə çıxa bilmərəm, çünki sizin kənara atdığınız «Quran»ı yığıb tənzimləməklə məşğulam. Sizin dünyaya olan bağlılığınız başınızı qarışdırıbdır. Mən and içmişəm ki, «Quran»ı yığıb nizama salmamış çiynimə əba atıb çölə çıxmayacağam.

Bu vaxt Peyğəmbər(s)-in qızı Fatimə(s.ə) evdən çıxıb qapıda toplaşanların qarşısında buyurdu: «Mən sizin kimi bədrəftar bir tayfa görməmişəm. Siz Rəsuli-əkrəm(s)-in cənazəsini bir tərəfə qoyub, öz aranızda işlərinizi həll etdiniz (xilafət məsələsini bizimlə məsləhətləşmədən öz aranızda çözdünüz), lakin bizimlə heç məşvərət də etmədiniz. Haqqımızı görməzliyə vurdunuz. Elə bil, heç Qədir-Xum[34] əhvalatından xəbəriniz yoxdur». (Sibt ibn Əlcuzi Hənəfi «Təzkirətül xəvas» səh. 30; Zeyni Dehlan «Sireyi həlbiyə» III c, səh. 257, «Sireyi-nəbəviyyə»; «Sireyi-hələbiyyə» III c, səh. 3; Əllamə Əmini «Əlğədir» I c, səh. 9).

Təbərani «Əlmöcəmül-kəbir» kitabında alicənab səhabə Hüzeyfə ibn Əsid Cəffarinin söylədiklərini qeyd etmişdir:

«Rəsuli-əkrəm(s) vida həccindən qayıdanda səhabənin Bətha adlanan bir yerdə ağacların altında oturmasına mane oldu. Sonra əmr verdi ki, ağacların altını kol-kosdan təmizləsinlər. O Həzrət namaz qılıb ayağa qalxdı, buyurdu:

__ Ey müsəlmanlar, Allah-təala mənə xəbər vermişdir ki, hər bir peyğəmbər özündən qabaqkı peyğəmbərin ömrünün yarısı qədər yaşayacaqdır. Mənə elə gəlir ki, mən də tezliklə bu dünyadan köçməli olacağam. Bilin və agah olun ki, mən də, siz də hamılıqla məsuliyyət daşıyırıq. Bəs siz nə deyirsiniz?

Dedilər:

__ Şəhadət veririk ki, sən çalışdın, nəsihət verdin və Allahın dinini təbliğ etdin. Allah sənə əcr versin.

Bu zaman həzrəti-Muhəmməd(s) buyurdu:

__ Allahın təkliyinə, Mühəmmədin onun rəsulu olmağına, Cənnətin, Cəhənnəmin, ölümün, dirilməyin, Qiyamət gününün və ölülərin yenidən dirilməsinin haqq olmağına şəhadət verirsinizmi?

__ Bəli, bunların hamısına şəhadət veririk.

Peyğəmbər(s) dedi:

__ İlahi, şahid ol. Ey müsəlmanlar, Allah-təala mənim mövlamdır. Mən də möminlərin mövlası və onlara canlarından əziz olan bir adamam. Elə isə hər kimin mövlasıyamsa, bu Əli(ə.s) də onun mövlasıdır. İlahi, onun dostları ilə dost, düşmənləri ilə düşmən ol». (Mənbələr: İbn Əsakir «Tarixi-Dəməşq» II c, səh. 50, Xarəzmi Hənəfi «Mənaqib» səh. 94, İmam Əhməd ibn Hənbəl «Müsnəd» IV c, səh. 281, İbn Səbbağ Maliki Mühibbəddin Zəbəri «Zəxairül-Üqba» səh. 67, «Fəzailül-xəmsə» I c, s.-350, Zəhəbi «Tarixi-islam» II c, səh. 197, Xacə Hənəfi «Elmül-kitab» səh. 161, Zərəndi Hənəfi «Nəzli-dürərüs-simtin» səh. 109, Qunduzi Hənəfi «Yənabiul-məvəddə» səh. 30,31, 249, «Təfsiri- Razi Şafei» III c, səh. 63, İbn Cuzi «Təzkirətul-xəvas» səh. 29, «Mişkatül-məsabih» III c, səh. 246, «Əbqatül-Ənvar» I c, səh, 258, Həmvuni «Fəraidüs-simtin» I c, səh. 77, «Əlmüraciat» II c, «Təhqiqi-Şeyx Hüseyn Razi» səh. 177).

O, sonra buyurdu:

__ Ey müsəlmanlar, mən sizdən qabaq gedirəm. Siz mənimlə Bəsrə və Səna (Yəməndə şəhər) arasındakı məsafə böyüklükdə bir hovuzun yanında görüşəcəksiniz. O hovuzda ulduzların sayı qədər gümüş camlar vardır. Mənimlə görüşəndə sizə tapşırdığım qiymətli səqəleyn («Quran» və pak Əhli-beyt) barədə sizdən sual edəcəyəm. İndi başa düşün ki, onunla necə rəftar etməlisiniz. Allahın kitabı səqli-əkbərdir. Onun bir tərəfi Allahın əlində, digər bir tərəfi sizin əlinizdədir. Ondan möhkəm yapışın. Onu alçaldıb təhrif etməyin. Səqli-əsğər mənim itrətim-Əhli-beytimdir. Çünki Allah-təala mənə xəbər vermişdir ki, bu iki şey bir-birindən ayrılmazlar. (İbn Hücr Heysəmi Şafei Əssə Şafei «Əli ibn Əbitalibin tərcümeyi-halı», «Tarixi-dəməşq» II c, səh. 45, Müttəqi Hindi «Kənzul-ümmal», I c, səh. 168, Əmini «Əlğədir» I c, səh. 26,27, «Əbqatül-Ənvar» 12 cildli kitab, I c, səh. 31,32, Həkim Termezi Şafei «Nəvadirul-Əhval» səh. 289, «Yənabiul müvəddə» səh. 37)

Zeyd ibn Ərqəmi deyir ki, Rəsuli-əkrəm(s) vida həccindən qayıtdıqda Qədir-Xumda dayanıb buyurdu: «Mən Allah tərəfindən dəvət olunmuş və bu dəvəti qəbul etmişəm. Lakin sizin aranızda biri digərindən böyük iki şey qoyub gedirəm: birincisi, «Quran»; ikincisi, Əhli-beytimdir. Ona görə diqqət edin ki, məndən sonra onlarla necə rəftar edəcəksiz. Çünki onlar mənə kövsər hovuzunda yetişənə qədər bir-birindən ayrılmazlar». Daha sonra o Həzrət belə buyurdu: «Allah-təala mənim mövlam, mən də möminlərin mövlasıyam.» Bu vaxt Əli(ə.s)-nin əlini tutub buyurdu: « Mən hər kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onun dostları ilə dost, düşmənləri ilə düşmən ol». (Nisai «Xəsis» səh. 32, Əmini «Əlbədir» I c, səh. 30, Müttəqi Hindi «Kənzül-Ümmal» V c, səh. 91, «Əbqatül-Ənvar» I c, səh. 117,121,144,152,161).

Büra ibn Azib deyir ki, Rəsuli-əkrəm(s) ilə vida həccindən qayıdırdıq. «Qədir-Xum» da miniklərimizdən düşdük. Zöhr namazını qılandan sonra o Həzrət Əli(ə.s)-nin əlini tutub soruşdu:

__ Məgər mən möminlərin canından onlara daha əziz deyiləmmi? Dedilər:

__ Bəli, əlbəttə, əzizsən.

O buyurdu:

__ Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onun dostları ilə dost, düşmənləri ilə düşmən ol.

Sonra Ömər ibn Xəttab Əli(ə.s)-yə dedi:

__ Mübarək olsun, ey Əbu Talibin oğlu! Sən hər bir imanlı kişi və qadının mövlası oldun. (Təbəri «Zəxairül-üqba» səh. 67, «Fəzailül-xəmsə» I c, səh. 350, Təbəri Şafei «Ərriyazün-nəzərə» II c, səh. 23, İbn Səbbağ Maliki «Əlfüsülul-mühümmə» səh. 24, «Əlhavi siyutti» I c, səh. 176, İbn Əsakir «Tarixi-Dəməşq» II c, səh. 47, Bilazəri «Ənsabül-Əşraf» II c, səh. 215, Xarəzmi «Mənaqib» səh. 94, Əmini «Əlğədir» I c, səh. 38,41.)

Səd ibn Vəqqas deyir: «Eşitdim, Peyğəmbər(s) Əli(ə.s)-nin əlindən tutub xütbə oxudu. Allaha həmd və səna edəndən sonra buyurdu:

__ Ey müsəlmanlar, mən sizin mövlanız deyiləmmi?

Dedilər:

__ Bəli, əlbəttə, bizim mövlamızsan.

Sonra Əlinin əlini yuxarı qaldırıb byurdu:

__ Bu mənim canişinimdir. Mənim dinimi əda edir. Mən onun dostları ilə dost, düşmənləri ilə düşmənəm. («Xəsaisun-nisa» səh. 101, «Fəzailul-xəmsə» I c, səh. 365, İbn Əsir «Əlbi-dayə vənnahiyə» V c, səh. 212, Əmini «Əlğədir» I c, səh. 38,41.)

Yenə Səd ibn Vəqqas söyləyir ki, biz həzrəti-Mühəmməd(s) ilə birgə idik. Qədir-Xuma yetişdikdə hamı dayandı. Qabaqda olanlar geriyə qayıtdı, arxada qalanlar isə gəlib bizə yetişdilər. Elə ki hamı bir yerə yığışdı, Peyğəmbər(s) buyurdu:

__ Ey müsəlmanlar, sizin mövlanız kimdir?

Cavabında üç dəfə dedilər:

__ Allah və Rəsulu.

Sonra Əli(ə.s)-nin əlini tutub yuxarı qaldırdı və buyurdu:

__ Allah və Rəsulu kimin mövlasıdırsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olanlarla dost, düşmən olanlarla düşmən ol. («Xəsaisün-nisa» səh. 101, «Fəzilül-Xəmsə» I c, səh. 365, Təbəri «Ərriyazün-nəzərə» II c, səh. 282).

Qədir-Xumda olanların hamısı Peyğəmbər(s)-in məqsədini başa düşüb anlamışdılar. Rəsuli-əkrəm(s)-in xəlifəsinin yanına gedib bu böyük ilahi nemətin ona verilməsi münasibətilə onu təbrik də etdilər. Təbrik edənlərdən biri də Ömər ibn Xəttab idi. O dedi:

__ Mübarək olsun, mübarək olsun, ey Əli ibn Əbitalib. Sən mənim və hər bir müsəlmanın mövlası oldun.

(İbn Əsakir «Tarixi-Dəməşq» III c, səh. 75, «Mənaqibi-ibn Məğazəli» səh. 81, 24, «Mənaqibi-Xarəzmi» səh. 94, Xətib Bağdadi «Tarixi-Bağdad» VIII c, səh. 290, Hüskami «Şəvahidüt-tənzil» I c, səh. 158, Cəzami «Sirrül-aləmin» səh. 21, «İhqaqül-həqq» VI c, səh. 256, Əmini «Əlğədir» I c, səh. 132, «Fəraidüs-simtin» I c, səh. 77). İkinci dəfə dedi: «Mübarək olsun ey Əbu Talib oğlu, sən hər bir imanlı qadın və kişinin mövlası oldun.» (İbn Səbbağ «Əlfüsülül- mühümmə» səh. 24, «Əlhaviyi-Siyuti» I c, səh. 122, «Zəxairul-Üqba» səh. 67, «Fəzailül-xəmsə» I c, səh. 350, Zəhəbi «Tarixül-islam» II c, səh. 197, Xacə Hənəfi «Elmül-kitab» səh. 161, «Nəmzi dürərüs-simtini Zərəndi» səh. 109, Qunduzi «Yənabiül-məvəddə» səh. 30,31, 249, «Təfsiri-Fəxr-Razi» III c, səh. 63).

Əbu Hüreyrə deyir ki, kim zilhiccə ayının 18-i oruc tutsa, Allah-təala altmış ayın savabını onun nameyi-əmalına yazar. O gün zilhiccənin 18-ci günü həzrəti-Mühəmməd(s) Qədir-Xumda Əli(ə.s)-nin əlini tutub dedi:

__ Mən kimin mövlasıyamsa, Əli(ə.s) də onun mövlasıdır. İlahi, onun dostlarına dost, düşmənlərilə isə düşmən ol. Onun dostlarına kömək ol.

Bu zaman Ömər ibn Xəttab dedi:

__ Mübarək olsun, ey Əbu Talib oğlu! Sən mənim və müsəlmanların mövlası oldun.

(«Tarixi-ibn Əsakir» II c, səh. 75, Hakim Hüskani «Şəvahidüt-tənzil» I c, səh402, Xətib Bağdadi «Tarixi-Bağdad» VIII c, səh. 290, Həməvəyni «Fəraidüs-simtin» I c, səh. 77, bab-13, «Mülhəçül- Müraciat» səh. 192, 193).

Əli(ə.s)-nin beyət etməsi barədə əhl-təsənnün alimlərinin dediklərindən: