Mədinəlilərdən yardım

İbn Qüteybə sözünü bu məqama yetirib yazır ki, həzrəti-Əli(ə.s) axşamlar Fatimə(s.ə)-ni dəvəyə mindirərək Mədinə müsəlmanlarının evinə gedir, müraciət edirdi. Fatimə(s.ə) ənsardan yardım istədikdə onlar belə cavab verirdilər: «Ey Peyğəmbər(s)-in qızı, biz daha bu kişiyə beyət etmişik. Artıq iş-işdən keçmişdir. Əgər əmin oğlu (Əli(ə.s)) Əbu Bəkrdən qabaq bizə desəydi, onun hakimiyyətini qəbul edərdik».

Həzrəti-Əli(ə.s) onların cavabında belə söylədi: «Mən Rəsuli-əkrəm(s)-in cənazəsini hələ dəfn etməmiş gəlib sizin aranızda hakimiyyət davası etməliydim?»

Fatimə(s.ə) də Mədinə əhlinin vəfasızlığından şikayətlənib demişdi:

__ O gecə Əbül-Həsən (Əli(ə.s)) atamın dəfn mərasimində qalmalıydı, amma siz ənsar və mühacirlər elə bir iş tutdunuz ki, Allah qarşısında cavab verməli olacaqsınız.[36]

İbn Qüteybə Əli(ə.s)-nin beyət etməsi barəsində yazır ki, Əbu Bəkr ona beyət etməyənləri axtardıqda onları Əli(ə.s)-nin yanında tapdı. Öməri ora göndərdi. Ömər Əli(ə.s)-nin evinə gəlib qapıdan: «Hamı Əbu Bəkrə beyət etmək üçün çölə çıxsın!» __ deyə qışqırdıqda, onlar Əli(ə.s)-nin evindən çölə çıxmaqdan imtina etdilər. Bu vaxt Ömər dedi:

__ Ömərin canı əlində olan Allaha and olsun ki, gərək evdən çölə çıxasınız. Əgər çıxmasanız, evi içindəki adamlarla birgə yandıracağam.

Yanındakılardan bəzisi etiraz etdi:

__ Axı həzrəti-Fatimə(s.ə) evdədir.

Ömər dedi:

__ Hətta Fatimə(s.ə) evdə olsa da, yandırıcağam.

İçəridəkilər çarəsiz evdən çıxıb Əbu Bəkrə beyət etdilər. Təkcə Əli (ə.s) evdən çölə çıxmadı, çünki and içmişdi ki, «Quran»ı toplamamış çiynimə əba atıb çölə çıxmayacağam. Fatimə(s.ə) qapıda dayanaraq mühacirlərə belə xitab etdi: «Mən sizin kimi etibarsız, nankor tayfa görməmişəm. Siz Peyğəmbər(s)-in cənazəsinin yanında bizi tək qoyub öz işlərinizin dalınca getdiniz. Bizə xəbər vermədən aranızda xilafət məsələlərini həll etdiniz».

Ömər Falimə(s.ə)-nin bu sözlərini eşitdikdə Əbu Bəkrin yanına gəlib dedi:

__ Beyətdən boyun qaçıran bu kişini (Əli(ə.s)) cəzalandırmaq istəmirsənmi?

Əbu Bəkr özünün azad etmiş olduğu qulamı Qunfuzu Əmirəlmöminin Əli(ə.s)-nin arxasınca göndərdi. Qunfuz Əli(ə.s)-nin yanına gələndə Əli(ə.s) ondan soruşdu:

__ Nə istəyirsən?

Qunfuz dedi:

__ Rəsuli-əkrəm(s)-in xəlifəsi sizi görmək istəyir.

Əli(ə.s) buyurdu:

__ Nə tez Peyğəmbər(s)-ə yalan qoşdunuz? (Özünüzü onun canişini bildirdiniz)

Qunfuz geriyə qayıdıb bu sözləri Əbu Bəkrə söylədikdə Əbu Bəkr hönkürtü ilə ağladı.

Ömər ikinci dəfə Əbu Bəkrə dedi:

__ Beyətdən boyun qaçıran bu kişiyə(Əli(ə.s)) aman vermə.

Əbu Bəkr Qunfuza tapşırdı ki, Əli(ə.s)-nin yanına gedib ona de ki, əmirəl-möminin (Əbu Bəkr) səni beyət etməyə dəvət edir.

Qunfuz Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözlərini ona çatdırdı. Əli(ə.s) səsini ucaldıb dedi: «Əcəba, o özünün olmayan bir şeyi (rütbəni) necəiddia edir?!»

Qunfuz geriyə qayıdıb Əli(ə.s)-nin sözünü Əbu Bəkrə söylədikdə Əbu Bəkr yenə də hönkürtü ilə ağladı.

Bu zaman Ömər özü ayağa qalxıb bir neçə nəfərlə Fatimə(s.ə)-nin evinə gəldi. Onlar qapını döydülər. Fatimə(s.ə) gələnlərin səsini eşidəndə uca səslə Atası Mühəmməd(s)-in qəbrinə sarı belə xitab etdi: «Ey Ata, ey Allahın Rəsulu! Xəttabın və Əbuquhayənin oğulları səndən sonra gör bizə nə cür zülmü rəva gördülər?!»

Ömərin yoldaşları Fatimə(s.ə)-nin bu sözlərini və hönkürtüsünü eşitdikdə çox kədərləndilər, lakin Ömər qapıdan kənara çəkilmədi. Əli(ə.s)-ni evdən çölə çıxarıb Əbu Bəkrin yanına gətirdilər və ona Əbu Bəkrə beyət etməsini əmr etdikdə Əli(ə.s) imtina etdi.

Dedilər:

__ Allaha and olsun, əgər beyət etməsən, boynunu vurarıq.

Əli(ə.s) buyurdu:

__ Belə olan surətdə siz Allah bəndəsini və Peyğəmbər(s)-in qardaşını öldürmüş olursunuz.

Ömər dedi:

__ Allahın bəndəsi bəli, amma Peyğəmbərin(s)-in qardaşı yox.

Əbu Bəkr bu arada sakit dayanmışdı, heç nə demirdi. Ömər ondan soruşdu:

__ Əli(ə.s)-ni beyət etməyə məcbur etmirsənmi?

Əbu Bəkr cavab verdi:

__ Nə qədər ki Fatimə(s.ə) onun yanındadır, mən onu heç bir şeyə məcbur edə bilmərəm.

Sonra həzrəti-Əli(ə.s) Rəsuli-əkrəm(s)-in qəbrinin üstünə gəlib hüznlü səslə belə fəryad etdi:

«Ey anam övladı, bunlar məni çox çətin bir vəziyyətdə qoydular, hətta az qaldı ki, məni öldürsünlər».[37]