Li(ə.s)-nin Əbu Bəkrə yazdığı məktub

Bu barədə Təbərsi «Ehticac» adlı kitabında (Ic,səh.127) belə yazır:

«Əbu Bəkrin Fədəyi həzrəti-Fatimə(ə.s)-dən alıb onun xidmətçilərini Fədəkdən qovmaq xəbəri Əli(ə.s)-yə yetişəndə Əbu Bəkrə aşağıdakı məktubu göndərdi. Məktubun məzmunu belədir:[71]

Qarmaqarışıqlıq və fitnə dalğalarını nicat gəmilərinin sipərləri ilə yarın. Şöhrətpərəstlik taclarını və hiyləgər şəxslərin sayını onları məhdudlaşdırmaqla unudun. Feyz və nur mənbəyindən kəsb edib təkcə ona tərəf nəzər salın. Pak şəxslərin mirasını özlərinə qaytarın. Cəhalət və qəflət mühitindən çölə çıxın. Sanki sizlərin gözübağlı dəyirmanı fırladan dəvələr kimi çaşbaş qalıb, sərgərdan yeriməyinizi öz gözlərimizlə müşahidə edirik.

Allaha and olsun, əgər əlimdə icazəm olsaydı, başlarınızı yetişmiş məhsulu biçən tək iti və dəmir oraqlarla bədəninizdən ayırardım. Sizin igidlərinizin beyin kasasını elə sındırardım ki, gözləriniz bərələ qalıb dəhşətə gələrdiniz. Mən düşmən qoşunlarını pərən-pərən salıb darmadağın edən şəxsəm. Sizin də qüvvənizi dağıdardım. Mən döyüş meydanlarında döyüşəndə siz evlərinizdən çölə çıxmır, qorxurdunuz. Mən dünənə kimi Peyğəmbər(s)-in yavəri idim. Sizin hamınız mənim əməllərim və rəftarımdan xəbərdar olub məqamımı təsdiq etdiniz. Atamın canına and olsun, siz nübüvvət və xilafətin bizim ailədə birləşməsindən razı deyildiniz. Bədr və Ühüd döyüşlərindəki kinlərinizi hələ də unutmamısınız.

Allaha and olsun, əgər sizə qüdrətli Allah tərəfindən müqəddəratınız barəsində nə yazıldığını desəm, iztirabın şiddətindən fəqərələrinizin sümükləri dəyirman pərgarının dişləri kimi bədəninizdən tökülər.

Əgər danışsam, deyəcəksiz ki, həsəd aparıram, paxıllıq edirəm. Yox, əgər sakit qalsam, deyəcəksiz ki, Əli ibn Əbutalib ölümdən qorxur. Əsla! Əsla! Mənim Haqqa qovuşmaq arzum südəmər körpənin ana döşünə olan istəyindən daha artıqdır.

Ölüm şərbətini düşmənlərə dadızdıran, döyüşlərdə ölümlə üz-üzə gələn, azca da olsun, ölümdən qorxmayan, çəkinməyən mən idim. Qaranlıq gecələrdə düşmən bayraqlarını qırıb atan, Peyğəmbər(s)-in mübarək xatirindən qəmi, tutqunluğu aparan mən idim.

Əgər mənə icazə verilsəydi, Allahın sizin barənizdə nazil etdiyini və mənim xəbərdar olduğumu deyərdim. O vaxt siz dərin quyu kəndirləri kimi lərzəyə gəlib başıalovlu heyrət içində, sərgərdan çöllərə üz tutardınız.

Lakin mən bütün bunlara laqeyd qalıb əliboş, dünyavi ləzzətlərdən əl çəkmiş pak ürək və təmiz qəlblə Allaha yetişmək üçün sadə və asan həyat tərzini özümə seçdim. Bilin ki, sizin dünyanızın həqiqəti havaya qalxıb adamların başı üstə sərilib qalınlaşan, sonra da pərən-pərən olub itən buluda bənzəyir.

Tezliklə gözləriniz açılacaq və öz pis əməllərinizin nəticəsini görəcəksiniz. Əkdiyiniz acı toxumları öldürücü zəhər kimi biçəcəksiniz. Bilin ki, Allah ən yaxşı hakimdir. Onun əziz Rəsulu sizin ən böyük düşməniniz olacaqdır. Qiyamət günü isə mühakimə olunan gününüzdür. Allah sizi öz rəhmətindən uzaq edib əzaba qərq etsin.

Hidayət yolunun yolçularına salam olsun!»

Bu Bəkrin Əli(ə.s)-nin məktubuna etdiyi etiraz.

Əbu Bəkr Əli(ə.s)-nin məktubunu oxuduqda çox narahat olub dəhşətə gəldi və dedi: «Əcəba! Doğrusu, Əli(ə.s) mənə qarşı nə qədər cürət və cəsarət etmişdir». Bu zaman baş vermiş hadisəni ənsar və mühacirlərə xatırladıb onlara xitabən dedi:

«Ey mühacir və ənsarlar! Məgər mən Fədək barədə sizinlə məşvərət etmədimmi? Siz demədizmi, peyğəmbərlər özündən sonra miras qoymurlar? Fədəyin pərakəndə ordunun təchiz olunması, sərhədlərin möhkəmləndirilməsi və müsəlmanların ümumi mənafeyi uğrunda sərf olunması təklifini siz vermədinizmi?

Əlbəttə, mən də sizin rəyinizi qəbul edib təsdiqlədim, ancaq Əli ibn Əbutalib(ə.s) bu fikrə qarşı çıxıb parlaq qığılcım və şimşək gurultusu kimi məni hədələyir. O, mənim hakimiyyətimə qarşıdır, halbuki mən dəfələrlə istehfa vermək istəmişəm, siz qəbul etməmisiniz.

Mən elə lap əvvəldən Əli(ə.s) ilə üz-üzə dayanmağı istəməmiş, onunla döyüşməkdən qaçmış və elə indi də qaçıram».