Quran»ın yığılması və nizamlanması

Süleym ibn Qeys Səqifə əhalatını Salmandan nəql edib bu məqama yetişir:

«Əli(ə.s) xalqın vəfasızlığını, yalan və bəhanələrini görüb evində «Quran»ı toplayıb nizamlamaqla məşğul idi. İşini görüb qurtarana qədər evdən çölə çıxmadı.

Bundan qabaq «Quran» ayələri vərəq, taxta və parça üzərində pərakəndə yazılmışdı. Əli(ə.s) bütün «Quran»ı toplayaraq öz dəsti-xətti ilə yazdı, onun tənzil və təvilini, nasix və mənsux ayələrini müəyyən etdi. Həmin vaxtda da Əbu Bəkr o Həzrətə xəbər göndərdi ki, gəlib ona beyət etsin.

İmam Əli(ə.s) cavab verdi ki, mən «Quran»ı toplamaqla məşğulam. And içmişəm ki, namaz vaxtından başqa «Quran»ı yığıb tənzimləməmiş evdən çölə çıxmayacağam».

Əbu Bəkr və tərəfdarları bir neçə gün Əmirəlmömininə möhlət verdilər. Əli(ə.s) «Quran»ı yığıb tənzimlədikdən sonra onu bir parçaya qoyub üstünü möhürlədi.

Başqa bir mənbəyə əsasən o Həzrət topladığı «Quran»ı götürüb Rəsuli-əkrəm(s)-in qəbrinin üstünə gəldi. Onu yerə qoyub iki rükət namaz qılaraq Rəsuli-əkrəm(s)-ə salam göndərdi. Camaat Əbu Bəkrlə birgə məscidə yığışmışdı. İmam Əli(ə.s) də orada idi. O, uca səslə xalqa xitab edib buyurdu:

__ Ey müsəlmanlar, Rəsulullah(s) vəfat edəndən mənim başım əvvəl Peyğəmbər(s)-in dəfninə, sonra isə «Quran»ın yığılmasına qarışmışdır. Bütün «Quran»ı cəm edib bu parçaya bükmüşəm. Rəsuli-əkrəm(s)-ə nazil olan hər bir ayəni burada yığmışam. Peyğəmbər(s)-in mənə qiraət edib yazdırdığı və təvilini (ayələrin batini mənası) mənə öyrətdiyi ayələrdən başqa orada heç bir şey yazılmamışdır. Daha qiyamət günü deməyəsiz ki, bizim bundan xəbərimiz yox idi, mən sizi köməyə çağırmadım, haqqı sizə xatırlatmadım, «Quran»ı sizə əvvəldən axıra kimi tanıtdırmadım.

Ömər dedi:

__ Bizi cəmlədiyin «Quran»a dəvət etməklə əlimizdə olan «Quran»a laqeyd etmə. (Bizim öz «Quran»ımız var. O olduğuna görə sizin «Quran»a daha ehtiyacımız yoxdur.)

Başqa bir rəvayətdə isə Ömər deyir:

__ «Quran»ı qoy qalsın. Özün isə get işinlə məşğul ol.

Peyğəmbər(s)-in vəsiyyətinin xatırlanması.

İmam Əli(ə.s)-nin məsciddəki xütbəsinin davamı:

__Peyğəmbər(s) sizə vəsiyyət etmişdi ki, mən sizin aranızda iki böyük qiymətli şeyi əmanət qoyub gedirəm. Onlardan birincisi «Quran», ikincisi isə Əhli-beytimdir. Bu iki şey behiştdə Kövsər hovuzunda mənə yetişənə qədər bir-birindən ayrılmazlar. Əgər «Quran»ı qəbul edirsinizsə, məni də «Quran»la yanaşı qəbul edin ki, sizin aranızda Allahın «Quran»da nazil etdiyi hökmləri icra edim. Çünki mən «Quran»ın bütün ayələrinin nasix-mənsuxuna, təvilinə, möhkəm və mütəşabihinə, halal və haramına sizdən daha yaxşı bələdəm.[49]

Ömər dedi:

__ Bu «Quran»ı özünlə götür ki, nə o səndən ayrılsın, nə də sən ondan. Bizim nə sənin topladığın «Quran»a, nə də sənə ehtiyacımız yoxdur.

Həzrəti-Əli(ə.s) «Quran»ı götürüb evinə qayıtdı. Namaz qıldığı yerdə oturub «Quran»ı qarşısına qoydu. Gözündən yaş axıda-axıda onun ayələrini oxumağa başladı.

Mirəlmöminin Əli(ə.s)-nin qardaşı ilə görüşü.

Bu zaman qardaşı Əqil Əli(ə.s)-nin hüzuruna gəlib onu ağlar gördükdə Həzrətdən soruşdu:

__ Niyə ağlayırsan? Allah sənin gözlərini heç vaxt yaşlı etməsin.

Həzrəti-Əli(ə.s) buyurdu:

__ Qardaşım, Allaha and olsun! Qüreyş və onların tərəfdarları üçün ağlayıram ki, haqdan üz çevirib əyri yola düşdülər. Öz fəsad və cəhalətlərinə qayıdıb ixtilaf, nifaq vadisinə, sərgərdanlıq səhrasına yuvarlandılar. Əvvəllər Peyğəmbər(s) ilə vuruşmaq üçün əlbir olduqları kimi, indi də mənimlə döyüşməkdən ötrü birləşiblər. Allah onların cəzalarını versin ki, mənimlə olan yaxınlıq ipini qırıb, əmim oğlu Peyğəmbər(s)-in hakimiyyətini əlimizdən aldılar.

Bu zaman hönkürüb buyurdu:

__Hamımız Allah tərəfindən gəlmişik və ona tərəf də qayıdacağıq.

Daha sonra isə aşağıdakı şeri oxudu. Şerin məzmunu ilə tanış olun:

«Əgər mənim halımın pisliyini soruşsan, deyərəm, ruzigarın çətinliklərinə də səbir edib çətinliklə yaşayıram. Mənim üçün üzümdəki kədərimi düşmənimin görüb sevinməsi, dostumun isə bundan narahat olması çox ağırdır».